Saxta Video: Kremlyönümlü KİV Ukraynanı miqrantlara atəş açmaqda necə günahlandırmağa çalışdı

Ola bilsin ki, video oyununda və ya trillerde oxşar görüntüləri görmüsünüz: infraqırmızı kamera ilə lentə alınan video kadrlar qaranlıq ərazidə yavaş-yavaş hərəkət edən insanların sırasını göstərir və onlar qəfil pusquya düşüb atəşə tutulurlar. Sonda, cansız bədənlər yerə sərilir…

Kremlyönümlü dezinformasiya KİV-ləri internetin dərinliklərindən götürülmüş bu cür görüntüləri yayaraq, ukraynalı sərhədçilərin Çernobıl qadağa zonası vasitəsilə Belarusdan Ukraynaya keçməyə cəhd edən bir qrup qeyri-qanuni miqranta hücum edərək öldürdüyünü iddia edib.

Bu cür iddialar daha əvvəl Polşa və Litvanı miqrantlara qarşı qeyri-insani rəftarda ittiham etmək cəhdlərinə bənzəyir və onlar həm Lukaşenko rejimi tərəfindən davam edən miqrasiyanın alətləşdirilməsi, həm də Rusiyanın Ukrayna sərhədləri boyunca hərbi qüvvələrini gücləndirməsi kontekstində nəzərdən keçirilməlidir.

Ukrayna hakimiyyəti bu videonun saxta olduğunu açıqlayıb.

Video və onun yayılması

Video ilk olaraq Facebook-da 1 dekabr 2021-ci ildə ortaya çıxdı və cənab Vasili Rumakın hesabından paylaşıldı (görüntülərin özü 29 noyabr tarixli idi). Bu Facebook hesabının sahibi daha sonra Ukrayna Strateji Kommunikasiya və İnformasiya Təhlükəsizliyi Mərkəzinə eksklüziv şərhində videonu özünün yerləşdirmədiyini, hesabının sındırıldığını və artıq ona çıxışının olmadığını bildirib.

Video Facebook-da ilk dəfə ortaya çıxdıqdan dərhal sonra Rusiyanın sosial media kanalları vasitəsilə yayılmağa başladı: video “Ohranitel” (Rus:“Guardian”) Telegram kanalı tərəfindən paylaşıldı, oradan sonra Telegram kanalında, ehtimal ki, bir RT jurnalisti tərəfindən yenidən yerləşdirildi və nəhayət, ilk dərc edilmədən bir saat keçmədən Sputnik Belarusun Telegram kanalında paylaşıldı. Videonun nüsxələri Telegram, VKontakte və Odnoklassniki-də yayılıb. Rusiyanın çoxsaylı YouTube kanalları da videonu yenidən yerləşdirib.

Oradan isə dövlətin nəzarətində olan, “media xəbərlərinə” istinadən, miqrantların Ukrayna sərhədçiləri tərəfindən öldürüldüyü iddiası ilə bağlı xəbərlər yayan “RİA Novosti” xəbər agentliyi kimi Kremlyönümlü əsas agentliklərə doğru sadəcə bir addım atmaq qalırdı.

Bu cür mesajlar rusdilli Kremlyönümlü media ekosistemi vasitəsilə geniş yayılıb, xəbər aqreqator saytları “RIA FAN”, “SouthFront”, Donbass Insider” və bir sıra digər dezinformasiya vasitələrində işıqlandırılıb.

Hakinqlər

Qeyd edək ki, Ukraynanı miqrantlara qarşı qəddar və qeyri-insani kimi göstərmək cəhdində kiber elementlərin də rolu var idi. Sosial mediada ortaya çıxmazdan əvvəl hekayə sındırılmış Ukrayna saytlarında diqqətlə yerləşdirildi və sonra onun doğruluğuna istinad edildi.

Dekabrın 2-də regional xəbər saytı “Zhitomir News” sındırıldığını və kiberhücumçuların bir neçə gün əvvəl Ukrayna Dövlət Sərhəd Xidmətinin (DSX) rəsmi saytından götürülmüş uydurma skrinşotu ehtiva edən məqalə dərc etdiyini açıqladı.

Zhitomir News”-da DSX-nin saytından götürülmüş uydurma skrinşot yerləşdirilib.

Skrinşotda Ukrayna hakimiyyətinin sərhəddəki insidenti “etiraf etdiyi” 29 noyabr (videoya əsasən, atışma məhz bu vaxt baş vermişdir) tarixli xəbərin olduğu iddia edilir. Təbii ki, 29 noyabrda (və ya başqa bir tarixdə) DSX-nin saytında belə bir məqalə dərc olunmayıb. Belə görünür ki, kiberhücumçular rəsmi hökumət portalının ardınca getməkdənsə, Zhitomir News” kimi kiçik saytı sındırmaqla daha asan bir yol seçiblər.

Qeyri-hökumət mediasına nəzarət orqanı olan “Detector Media” bildirib ki, onun veb-saytı sındırılıb, hücumçular noyabrın 29-da dərc edilmiş məqaləni sərhəddəki insidentlə bağlı uydurma xəbərlə, Ukraynalı iş adamları və siyasətçilərin iştirakı ilə hakimiyyətin ələ keçirilməsi ilə bağlı diqqəti cəlb edən başlıq ilə əvəz ediblər.

Planlaşdırılmış və uydurulmuş hekayələrin skrinşotları “insident”-dən bəhs edən bəzi rusdilli internet saytlarında və bir sıra sosial media kanallarında yayılıb.

Təkrarlanan davranış modeli

Saxta videonun yayılması Kremlyönümlü KİV tərəfindən artıq planlaşdırılmış informasiya manipulyasiya nümunəsinə uyğun gəlir. Əvvəla, təsdiqlənmiş bir hekayə üçün əsas kimi bir neçə veb-saytı sındırmaq. Hazırlanmış skrinşotlar bu uydurmalara inanmaq üçün dəstəkləyici material (“media xəbərləri”) rolunu oynamalı idi. Daha sonra məzmunu hekayənin bir neçə mühitdə geniş yayılacağı ümidi ilə bir çox sosial media platformaları vasitəsilə yaymaq. Və nəhayət, böyük, Kremlyönümlü KİV vasitəsilə (əvvəlki “media xəbərlərinə” istinadla) hekayəni gücləndirmək.

Ukraynanı nüfuzdan salmaq cəhdinin miqyasını və təsirini qiymətləndirmək olduqca çətindir. Bununla belə, aydındır ki, o, bir çox sosial media platformalarında (Facebook, Telegram, VK, OK, Youtube) Rusiyanın dövlət nəzarətində olan böyük xəbər agentliyi və bir çox Kremlyönümlü KİV-lərdə rus, ingilis və fransız dillərində yayımlanıb. Bəzi ilkin hesablamalar göstərir ki, video VKontakte, Odnoklassniki və Youtube-da 200 000 dəfədən çox baxılıb və adı müxtəlif bloqlar, forum yazıları və onlayn mediada 400-dəfədən çox qeyd edilib.

Ünsiyyət modeli

Ukrayna uzun müddətdir ki, Kremlyönümlü dezinformasiyanın əsas hədəfi olub, ona görə də bu cür dezinformasiya mesajlarının ortaya çıxması təəccüblü deyil, əksinə bir az da gözləniləndir. Keçmişdə Kremlyönümlü KİV öz auditoriyasını Ukraynaya qarşı birləşdirmək üçün çox emosional (və manipulyasiya edilmiş) məzmundan istifadə edib.

Bu xüsusi videoya Rusiyanın Ukrayna sərhədləri boyunca hərbi qüvvələrini gücləndirməsi və Lukaşenko rejimi tərəfindən miqrasiyanı alətləşdirməsi kontekstində də nəzər salmaq lazımdır.

Videoda ötürülən mesaj – Ukrayna sərhədçilərinin miqrantlara qarşı qəddarlıq nümayiş etdirməsi – miqrantlara münasibətdə Aİ-ni qeyri-insani kimi qələmə verən Lukaşenko və Kremlyönümlü dezinformasiyalarına çox bənzəyir. Və bu, Kremlin Ukraynanı təcavüzkar, döyüşkəninsan hüquqlarına və ya insan həyatına heç bir əhəmiyyət verməyən kimi qələmə vermək üçün öz təcavüzkar hərəkətlərinə bəraət qazandırmağa yönəlmiş silsilə cəhdlərinin bir hissəsidir.

 

Daha ətraflı oxuyun:

Kremlin yalanlarının dumanlı pərdəsinin ardında Rusiyanın hərbi yerləşdirmələri gizlənir

Rejimi ayaqda saxlayan dezinformasiya

Zapad-2021 Rusiya Silahlarını və Dezinformasiyasını nümayiş etdirdi

Dezinformasiyanın ortaya çıxması: Kremlyönümlü KİV Ukrayna üzərində diqqətini yenidən gücləndirir

MƏSULİYYƏTDƏN İMTİNA

EUvsDisinfo verilənlər bazasındakı nümunələrdə beynəlxalq informasiya məkanında reallığın natamam, təhrif olunmuş və ya yalan təsvirini təmin edən və əsas Kremlyönümlü mesajları yaydığı müəyyən edilən mesajlara diqqət yetirir. Bununla belə, bu, mütləq surətdə müəyyən bir nəşrin Kremllə əlaqəsinin olduğunu və ya redaksiyasının Kremlyönümlü olduğunu, yaxud bilərək dezinformasiya yaymağa çalışdığını bildirmir. EUvsDisinfo nəşrləri Aİ-nin rəsmi mövqeyini əks etdirmir, belə ki, ifadə edilən məlumat və rəylər media hesabatlarına və Şərq Stratcom İşçi Qrupunun təhlilinə əsaslanır.

    Why do you not like our audio?

    it will help us to improve it

      Your opinion matters!

      Məlumatların Qorunmasına dair Məlumat *

        Subscribe to the Disinfo Review

        Your weekly update on pro-Kremlin disinformation

        Data Protection Information *

        The Disinformation Review is sent through Mailchimp.com. See Mailchimp’s privacy policy and find out more on how EEAS protects your personal data.

        🎵 Playlist